Prezident Rəcəb Tayyib Ərdoğan Hollandiyanın Baş naziri Mark Rutte ilə telefon danışığı aparıb. 

İqtisadiyyat.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Görüşdə ikitərəfli əlaqələr, İsveçin NATO-ya üzvlük prosesi, Avropada Qurana qarşı təxribat xarakterli hərəkətlər, regional və qlobal məsələlər müzakirə edilib.

Gələn il Türkiyə-Hollandiya Dostluq Sazişinin 100-cü ildönümünün qeyd olunacağını xatırladan prezident Rəcəb Tayyib Ərdoğan ikitərəfli əlaqələrin inkişaf edəcəyinə inandığını bildirib.

Ərdoğan İsveçin terrorla mübarizə qanunvericiliyində dəyişiklik edərək düzgün istiqamətdə addımlar atdığını, lakin terror təşkilatı PKK/PYD/YPG tərəfdarlarının sərbəst şəkildə terroru dəstəkləyən nümayişlər təşkil etməyə davam etdiyini bildirib.

Prezident Ərdoğan Hollandiyanın Baş naziri Rutteyə İsveçdə Qurana qarşı edilən hücumlara fikir azadlığı adı altında haqq qazandıra bilməyəcəyini, bunun açıq şəkildə ifadə cinayəti olduğunu bildirib.

Görüş zamanı liderlər, həmçinin iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitinin ən mühüm gündəm bəndlərindən birinin Rusiya-Ukrayna müharibəsi olacağı barədə razılığa gəliblər.