Əvvəlcədən nəzərdə tutulduğu kimi 31 iyul tarixdə Peşəkar Futbol Liqası tərəfindən Tovuz şəhər stadionunda geniştərkibli təftiş həyata keçirilib.

İqtisadiyyat.az "Turan Tovuz"un mətbuat xidmətinə istinadən xəbər verir ki, aparılan əsaslı işlər, stadionun hazırki durumu, azarkeşlərin və futbolçuların təhlükəsizliyi, oyunun canlı yayımı və VAR infrastrukturunun vəziyyəti nəzərə alınaraq Peşəkar Futbol Liqasının İdarə Heyəti rəqib komandaların razılıq məktubunu da əsas götürərək aşağıdakı qərarları qəbul edib:

1. Azərbaycan Premyer Liqasının 1-ci dövrəsinin oyunu "Araz Naxçıvan" – “Turan Tovuz”, 2-ci dövrənin oyunu "Turan Tovuz" - "Araz Naxçıvan" qarşılaşması kimi keçirilsin.

2. Azərbaycan Premyer Liqasının 1-ci dövrəsinin oyunu "Qarabağ" - "Turan Tovuz", 2-ci dövrənin oyunu "Turan Tovuz" - "Qarabağ" qarşılaşması kimi keçirilsin.

3. Azərbaycan Premyer Liqasının 4-cü turundan etibarən Tovuz şəhər stadionu oyunları qəbul etməyə hazır hesab olunsun və bununla bağlı bütün işlər nəzarətdə saxlanılsın.

Həmçinin məlumatda o da bildirilib ki, Tovuz şəhər stadionunda süni işıqlandırma sisteminin tam istifadəyə verilməsi sentyabr ayının sonunda planlaşdırılır.