Dekabrın 16-da Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) əməkdaşlarının vəziyyəti açıqlanıb.

Bu barədə İqtisadiyyat.az-a Liv Bona Dea Hospitalın mətbuat xidmətindən məlumat verilib.

PFL-in texniki-idman direktoru Elgiz Abbasov və icraçı direktoru Zaur Hacıməhərrəmovun ilkin müalicələri tamamlanıb və onlar evə buraxılıblar. Bundan sonra ambulator şəraitdə müalicə alacaqlar.

Bildirilib ki, PFL-in media və marketinq direktoru Sənan Abdullayevin ümumi vəziyyəti stabildir. Onun da müalicəsi tamamlanmaq üzrədir, önümüzdəki günlərdə evə buraxılması planlaşdırılır. Sürücü Rasim Qafarlının bud-çanaq oynağının sınığına görə əməliyyatı planlaşdırılır.

Qeyd edilib ki, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyevin əməliyyat sonrası reanimasiya müalicəsi artıq bitib. Bu gün palataya köçürülüb. Stasionar şəraitdə müalicəsi davam etdirilir.

PFL-in prezidenti Elxan Səmədovun müalicəsi isə reanimasiya şəraitində davam edir. Qarşıdakı günlərdə ona müxtəlif nahiyələr üzrə ortopedik və rekonstruktiv əməliyyatlar planlaşdırılır.