"Pensiya yaşı uzunömürlülük səviyyəsinə uyğun təyin olunur".

Bu sözləri iyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiya yaşının 63 il 6 ay artırılmasına münasibət bildirən Aqrar siyasət komitəsinin, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Azər Badamov İqtisadiyyat.az-a açıqlamasında deyib.

 

 

Onun sözlərinə görə, qadınların pensiya yaşının aşağı olması daha yaxşı olar:

"Ölkəmizdə qadınların pensiya yaşının artırılması ilə bağlı qərar "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsinə əsasən qəbul olunub. Həmin qanuna əsasən qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Ümumilikdə yaş həddinin artırılması bundan sonra 2027-ci ilədək davam edəcək. Belə ki, 2027-ci ildə kişi və qadınlar üçün yaş həddi eyni olaraq 65 yaş olacaq. Qərar qanunvericilik çərçivəsində qəbul olunsa da, qadınların pensiya yaşının aşağı olması daha məqsədəuyğun olar". 

Deputat onu da vurğulayıb ki, pensiya yaşının təyin olunması statistik göstəricilərə əsasən müəyyən olunur:

"Vətəndaşların pensiya yaşı müəyyən olunanda statistik məlumatlara nəzər yetirilir. 2027-ci il üçün kişilərin və qadınların pensiya yaşının 65 olmasında da məhz bu meyar nəzərə alınıb".


Qeyd edək ki, 2021-ci il üçün Azərbaycanda gözlənilən ömür uzunluğu kişilər üçün 71,3 yaş, qadınlar üçün isə 75,9 yaş olaraq müəyyənləşdirilib. Yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Statistikaya görə, Azərbaycan sakinlərinin təxminən 40 faizi pensiya yaşına çatmadan ölür. Kişilər arasında isə bu rəqəm  47 faiz təşkil edir. 

Gülşən Şərif