Özbəkistanda bazar günü keçirilən növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat yayıb. 

"Özbəkistanda bütün seçki məntəqələri iyulun 9-da yerli vaxtla saat 20:00-da bağlanıb", - məlumatda deyilir.

Özbəkistanda 19,27 milyon seçici var. İnsanlar ölkədəki 10 784 seçki məntəqəsində, 39 ölkədə isə 56 seçki məntəqəsində səs verə biliblər.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 17:00-a olan seçici fəallığı 69,85% təşkil edib.

Səsverməni izləmək üçün bir neçə onlarla ölkə və beynəlxalq təşkilatı təmsil edən ümumilikdə 800 xarici müşahidəçi, həmçinin 1500-ə yaxın yerli və xarici jurnalist akkreditə olunub.

Hazırkı prezident Şavkat Mirziyoyevin namizədliyi Özbəkistan Liberal Demokrat Partiyası (UzLiDeP) tərəfindən irəli sürülüb. Milli Dirçəliş Demokrat Partiyası da (Milli Tikləşmə) onun namizədliyini dəstəkləyib. Özbəkistan Xalq Demokratik Partiyası və Ekologiya Partiyası müvafiq olaraq öz liderləri Uluqbek İnoyatov və Abduşükür Həmzəyevin namizədliyini irəli sürüblər. Özbəkistan Ali Məhkəməsi sədrinin birinci müavini Robaxon Maxmudova Ədalət Sosial Demokrat Partiyasının (Adolat) dəstəyini qazanıb.

*** 10:38

Özbəkistanda növbədənkənar prezident seçkiləri başlayıb.

İqtisadiyyat.az xarici mətbuata istinadən xəbər verir ki, seçicilər üçün Özbəkistanda 10 784 seçki məntəqəsinin hamısı açılıb.

Məlumata görə, İyulun 9-da yerli vaxtla saat 8:00-da Özbəkistan prezidentinin seçilməsi üçün bütün 10 784 seçki məntəqəsi açılıb. Səsvermə saat 18:00-da (yerli vaxtla) başa çatacaq.

Xaricdəki 56 seçki məntəqəsində də səsvermə müvafiq olaraq yerli vaxtla səhər saat 8:00-da başlayacaq.

Səsverməni izləmək üçün bir neçə ölkə və beynəlxalq təşkilatı təmsil edən ümumilikdə 800 xarici müşahidəçi, həmçinin 1500-ə yaxın yerli və xarici jurnalist akkreditə olunub.