Bu gün iri supermarketlərdə bəzi üyüdülmüş qara istiotların qiymətləri olduqca bahadır. Belə ki, qiymət 3-8 manat civarında dəyişir. 

Məsələn, "Bizim Market"də qara istiotun qiyməti 7.86 manat, "Bazarstore"da 4.50 manata, 50 qramlıq "Raspak"" brendinə məxsus qara istiot "Bravo"da 3.69 manata, onlayn alış-veriş saytlarında isə 4.86 manata satılır. 

Maraqlıdır ki, qara istiotun bu qədər baha olmasının səbəbi nədir?

 

 

Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, bazarda rəqabət mühitinin olmaması istehlakçıların hüquqlarının pozulmasına yol açır:

"Aran bölgəsində fərdi yaşayış evlərində qara istiot kolları bitir. Lakin ölkəmizdə qara istiotun biznesi ilə məşğul olan sahibkar yoxdur. Azərbaycana ədviyyat daha çox Türkiyə, Çin, Hindistan və Pakistandan idxal olunur. Bu ədviyyatların içərisində acı istiot xüsusi yer tutur. Yəni marketlərdə satılan istiotlar yerli məhsullar deyil. Qara istiot ölkəyə inhisarçı idxalçılar tərəfindən gətirildiyinə görə istədikləri qiyməti müəyyən edirlər".

 

 

Son 10 il ərzində qiymətlərin bahalaşmasına toxunan iqtisadçıya görə, bunun səbəbi inhisarçı idxalçıların vaxtaşırı qiymətləri bahalaşdırmasıdır:

"Ölkəyə idxal olunan və yerli istehsal olan məhsulların bahalaşmasının əsas səbəbi bu sahə üzrə müəyyən qruplar tərəfindən inhisarçılığın yaranmasıdır. Təəssüf ki, bazarda rəqabət mühiti yoxdur. Kimsə öz təşəbbüsü ilə Türkiyədən, Çindən və ya Hindistandan ölkəyə ucuz qiymətə qara istiot gətirmək istəsə, müxtəlif bəhanələrlə həmin məhsulun gömrükdən keçirilməsinə əngəl törədiləcək. Sahibkarı elə bezdirəcəklər ki, ucuz qiymətə aldığı məhsulu ən yaxşı halda həmin sahənin inhisarçısına satmaq məcburiyyətində qalacaq. İnhisarçı bazarda sahibkar dövriyyəyə diqqət edir. Həmin sahibkarlar daha çox gəlir əldə etmək üçün dövriyyənin artmasına üstünlük verirlər. Halbuki rəqabət mühiti olan bazarda dövriyyənin artması qiymətlərin aşağı düşməsinə səbəb olur". 

Gülşən Şərif