"Neftçi"nin keçmiş futbolçusunun Azərbaycandan çıxışına məhdudiyyət qoyula bilər.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət olunub.

Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Ferreira Soares Harramiz Quietanın vergi borcuna görə məhkəməyə ərizə ilə müraciət edərək onun Azərbaycandan çıxışına "stop" qoyulmasını xahiş edib.

İşə hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq.

Məhkəmə ərizəni təmin etsə, Ferreira Soares Harramiz Quietanın Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, Ferreira Soares Harramiz Quieta 2021/2022 mövsümündə "Neftçi"nin formasını geyinib. O, ötən ilin yanvarında “Neftçi” ilə yollarını ayırıb. 2021-ci ilin yayında “Neftçi”yə transfer olunmuş Harramiz 11 rəsmi oyunda ağ-qara formanı geyinib.