“Neftçi”nin yeni mövsümə hazırlıq planı müəyyənləşib.

İqtisadiyyat.az klubun saytına istinadən xəbər verir ki, “ağ-qaralar” təlim-məşq toplanışının birinci mərhələsini iyunun 21-dən 28-dək Bakıda keçəcək. Fiziki hazırlığa həsr olunacaq bu mərhələnin ilk 3 günündə futbolçular sağlamlıq sponsorumuz “Liv Bona Dea Hospital”da tibbi baxışdan keçəndən sonra məşqə qoşulacaqlar.Təlim-məşq toplanışının ikinci mərhələsi iyunun 29-dan iyulun 19-dək Rusiyada reallaşacaq.

Flaqman iyulun 1-dən 15-dək Sankt-Peterburq şəhərində təşkil olunacaq ənənəvi “Matç TV” turnirində iştirak edəcək. “Neftçi” turnir çərçivəsində iyulun 1-i Bakı vaxtı ilə saat 20:30-da Rusiyanın “Zenit”, 8-i saat 20:30 Serbiyanın “Srvena Zvezda”, 15-i saat 15:00-da isə Türkiyənin “Fənərbağça” klubu ilə qarşılaşacaq. “Zenit”lə oyun “Qazprom Arena”da, digər iki görüş isə “Smena” stadionunda olacaq.

Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirəcək.

Bu matç iyulun 18-də “Otkrıtiye Bank Arena”da baş tutacaq. Komandamız iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.

“Neftçi” yeni mövsümdə UEFA Konfrans Liqasında iştirak edəcək. "Neftçi" qitəmiqyaslı yarışa II təsnifat mərhələsindən qoşulacaq. Bu mərhələnin oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək. Rəqibin adına isə iyunun 21-də təşkil olunacaq püşkatma mərasimində aydınlıq gələcək.