Yeni mövsümün hazırlığını Rusiyada davam etdirən Bakının “Neftçi” futbol klubu “Match TV” beynəlxalq turniri çərçivəsində sonuncu oyununu keçirib.

 İqtisadiyyat.az xəbər verir ki, Bakı təmsilçisi Türkiyənin “Fənərbağça” komandası ilə qarşılaşıb.

"Smena" stadionunda keçirilən qarşılaşma İstanbul klubunun minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Oyunda yeganə qolu Edin Ceko vurub.

“Neftçi” klubu ilk matçda “Zenit”ə (Rusiya) 1:3, “Srvena Zvezda”ya (Serbiya) isə 0:4 hesabı ilə uduzub.

Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək paytaxt klubu ikinci təsnifat mərhələsində "Jelezniçar" (Bosniya və Herseqovina) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk görüş iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də "Bakcell Arena"da keçiriləcək.