Ukraynanı NATO-ya qəbul etməzdən əvvəl münaqişənin bitməsini gözləmək “strateji səhvdir”.

İqtisadiyyat.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib.

O, iyulun 11-12-də Vilnüsdə NATO-nun sammiti ərəfəsində "Redaktionsnetzwerk Deutschland (RND)" nəşrinə müsahibəsində Ukraynanın NATO-ya qəbul edilib-edilməməsi ilə bağlı sualı cavablandırarkən deyib: "Bu (Ukraynanın NATO üzvlüyünün münaqişə bitəndən sonraya saxlanılması - red.), təhlükəli nəticələri olan strateji səhv olardı".

Rasmussenin sözlərinə görə, Ukraynanın NATO-ya üzvlüyünün təxirə salınması Rusiya prezidenti Vladimir Putin üçün sərfəli olacaq, o, “istədiyi müddətdə Ukraynanın NATO-ya daxil olmasına mane ola biləcək” və münaqişə qeyri-müəyyən müddətə uzanacaq.

Şənbə günü “The Daily Telegraph” qəzeti NATO-nun adının açıqlanmayan mənbəsinə istinadən yazıb ki, Almaniya Vilnüsdə keçiriləcək NATO sammitində Ukraynanın dərhal üzvlüyünü Rusiya ilə müharibəyə səbəb ola biləcəyi qorxusu ilə ləngitməkdən yana çıxış edəcək. Eyni zamanda, bir sıra Şərqi Avropa liderləri, o cümlədən Estoniyanın baş naziri Kaja Kallas hesab edir ki, Vilnüsdə keçiriləcək sammitdə Ukraynaya üzvlük üçün yol xəritəsi təklif edilməlidir.