NATO-nun baş katibi Yens Stoltenberq Çinin 2035-ci ilə qədər 1500 nüvə başlığına, həmçinin bütün Şimali Amerika və Avropaya çata biləcək raketlərə sahib olacağını bildirib.

İqtisadiyyat.az xəbər verir ki, Stoltenberq bu barədə Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Sammitinin sonunda keçirdiyi mətbuat konfransında bildirib.

Təhlükəsizliyin təkcə regional deyil, qlobal xarakter daşıdığını vurğulayan Stoltenberq Çinin hərbi imkanlara sərmayə qoymasına işarə edib.

“Biz gözləyirik ki, Çin 2035-ci ilə qədər bütün Şimali Amerika və Avropaya, yəni NATO ərazisinə çata biləcək raketlərdə 1500 nüvə başlığına sahib olacaq. Çinin bizə nə qədər yaxınlaşdığını görürük”, - Stoltenberq bildirib.

Çinin dünyanın bir çox yerinə nüfuz etdiyini, kritik infrastrukturlara nəzarət etməyə çalışdığını və kiber kosmosa girdiyini ifadə edən Stoltenberq, dezinformasiya və kiber məkanla mübarizə kimi mövzular üzərində çalışdığını bildirib.