Narkotik yunanca “narke” sözündən ibarət olub dilimizə “donub qalma”, “quruyub qalma”, “mat qalma” kimi tərcümə olunur. Narkotik tərkibli bitkilər  tərkibində mərkəzi sinir sistemini qıcıqlandıran, tədricən onun fəaliyyətini zəiflədici maddə olan bitkilərdir. Bu gün bir sıra narkotik bitkilərdən tibdə ağrıkəsən dərman kimi istifadə edilir. Narkotik bitkilərin çoxuna Cənubi və Şimali Amerikanın, Mərkəzi Asiyanın tropiklərində təsadüf olunur. Tiryək, xaş-xaş, hind çətənəsi, kokain kolu və bu kimi bir sıra bitkilər narkotik tərkibli bitkilər siyahısına aiddir. Psixotrop maddələr insanın psixi funksiyalarına, emosional vəziyyətinə və davranışına təsir göstərən maddələrdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədilə yol verilir. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi narkomaniya xəstəliyinə gətirib çıxarır.

Müasir dövrdə cəmiyyətimizin ən qorxulu xəstəliklərindən biri kimi narkomaniya çıxış edir. Bu xəstəliyə düçar olanlar bir çox hallarda onu dəf etməkdə aciz qalırlar. Təcrübə göstərir ki, narkomaniya ilə mübarizə aparmaq çox çətindir. Bu bəladan xilas olmaq çox az insana qismət olur. Belə ki, narkotik vasitə aludəçiləri əksər hallarda, bu bataqlıqda yox olub gedirlər. Narkotik ilk növbədə onu qəbul edənin sağlamlığına ziyan vurur. Narkomaniya maddələr mübadiləsinin zəifləməsinə, bədənin arıqlamasına, fiziki gücün düşməsinə, daxili orqanların qaraciyər və böyrəyin zəhərlənməsinə gətirib çıxarır. Buna görə də bu gün “Ağ ölüm” kimi tanınan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün millətləri düşündürən, cəmiyyətin təhlükə mənbəyinə çevrilən narkomaniya bəlası sərhəd tanımayan və qlobal xarakter daşıyan beynəlxalq problemləri özündə gətirir. Hər il 26 iyun BMT-nin Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü kimi qeyd olunur. Bu isə bir daha narkomaniya bəlasının beynəlmiləl bir problem olduğunu göstərir.

Narkomaniya ilə mübarizə hər zaman dövlətimizin diqqət mərkəzində olmuşdur. Belə ki, Ümumilli lider Heydər Əliyev “narkomaniya və narkobiznes ilə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və şüuri sağlamlığı uğrunda aparılan mübarizədir” demişdir. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 02 fevral 2022-ci il tarixdə Gənclər Forumunda öz çıxışında qeyd etmişdir ki, “Narkotik vasitələr insanı uçuruma aparır, özünü də, ailəsini də, yaxınlarını da bədbəxt edir, bir dərd olur. Ona görə bu zəhər ümumiyyətlə təmizlənməlidir.

Narkomaniya bəlasına düçar olan şəxslərə yardım etmək məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmişdir. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu həmin Dövlət Proqramının həyata keçirilməsinə nəzarəti təmin edir və bununla bağlı dövlət qurumlarının fəaliyyətini əlaqələndirir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qanunvericiliyə müvafiq olaraq cinayət və ya inzibati məsuliyyətə səbəb olması dövlətimizin bu sahədə qətiyyətli addımını bir daha göstərir.

44 günlük Vətən müharibəsindən sonra azad edilmiş ərazilərimizdə aidiyyəti qurumlar tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində narkotik tərkibli bitkilər aşkarlanaraq məhv edilmişdir. Belə ki, Ağdam və Xocalı rayonunun işğaldan azad olunmuş bir neçə kəndində tonlarla narkotik tərkibli bitkilərin, həmçinin Füzuli rayonunda narkotik bitkilərin əkildiyi geniş plantasiya ilə birlikdə narkotik vasitələrin istehsal olunduğu laboratoriyanın aşkarlanması Ermənistan tərəfinin ərazilərimizin işğal altında qaldığı dövrdə cinayətkar əməllərinin bariz nümunəsi kimi göstərmək olar. Bu həm də vaxtı ilə Vətən müharibəsindən əvvəl erməni işğalçılarının Cənub və Şərq istiqamətindən gələn narkotik maddələrin tranzit yolla ərazilərimizdən keçirməklə Qərbə və Şimala daşıdığını göstərir.

Narkomaniya ilə mübarizədə qarşıya çıxan problemin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, bununla da nəzarətdən kənarda qalmaqla durmadan artır. Narkomaniyaya qarşı mübarizənin çətinliyi həm də ondan ibarətdir ki, narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını satan şəxslər öz ticarətlərini genişləndirmək üçün həmişə yeni alıcı axtarışında olur. Əksəriyyəti uşaq və gənclər olan həmin alıcılar isə satın aldıqları bəlanı bir neçə dəfə istifadə etdikdə narkomaniya xəstəliyinin potensial qurbanlarına çevrilirlər. Odur ki, bu gün narkomaniya probleminin həllinə xidmət edən mühüm addımlardan biri kimi yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi çıxış edir.

Narkomaniya ilə mübarizədə ailədaxili münasibətlər kontekstində valideynlərin uşaq­ları ilə münasibəti əhəmiy­yət kəsb edir. Bu məsələ hələ lap kiçik yaşlarından, məktəbəqədər dövrdən başlayır. Uşaqların şəxsiy­­yə­tinin formalaşmasında, psixi inkişafında, ətrafdakılarla rəftar və dav­ranışında, idrak fəallı­ğı­nın inkişa­fında valideyn-övlad münasi­bət­ləri mühüm rol oynayır. Bu münasibətlər uşağın öz yerini, ailə­dəki rolunu müəyyən­ləşdir­mək­də və özünü dərk etməsində, qabiliy­yət və bacarıqlarını inkişaf etdirməkdə önəmlidir. Təcrübə göstərir ki, valideynlərin laqeyd münasibəti nəticəsində ailədə öz yerini, rolunu müəyyənləşdirə bilməyən uşaqlar gələcəkdə öz xoşbəxtliklərini narkotik vasitələrin istifadəsi nəticəsində bihuş olmalarında görürlər.

Sonrakı mərhələdə orta məktəblərdə öyrənmə prosesinin şagirdlər üçün cəlbedici qurulması onları pis vərdişlərdən, o cümlədən narkomaniya bəlasından uzaqlaşdırır. Bu səbəbdən ilk növbədə təlimin təşkili məsələləri məktəb rəhbərliyi və müəllimlərin diqqət mərkəzində olmalıdır. Bundan başqa Musiqi, Təsviri incəsənət, Texnologiya və Fiziki tərbiyə dərslərinin imkanlarından tam istifadə etmək, eləcə də, təhsildən asudə vaxtlarda şagirdlərin iştirakı ilə şənliklərin, ekskursiyaların, gəzintilərin və idman yarışlarının təşkili sonuncuların həyatı sağlam düşüncə ilə dərk etməsinə səbəb olacaqdır.

 

Füzuli rayon prokurorunun köməkçisi         Rəhman Cəfərov