İsveçin "Yurqorden" klubunda çıxış edən Musa Qurbanlıaçıqlama verib.

İqtisadiyyat.az xəbər verir ki, azərbaycanlı hücumçu Konfrans Liqasının II təsnifat mərhələsində "Lütsern"ə uduzduqları görüş haqda danışıb:

"Təbii, nəticə yaxşı deyil. Bu, məyusedicidir. Amma təslim olmayacağıq. Nəticəni xeyrimizə dəyişməyə çalışacağıq".

Musa sözügedən matçda ilk dəfə "Yurqorden" formasılya start heyətdə meydana çıxıb. Forvard fiziki durumunun hələ tam yaxşı olmadığını qeyd edib:

"Ən yaxşı formama çatmaq üçün bir az vaxt lazımdır. İsveçdə mövsümün ortasıdır və oyunçular 15-dən çox matç keçirib. Mən sabiq klubum düşərgəsində idim. Yüksək formada olmaq üçün bir az oyun praktikası lazımdır".

21 yaşlı futbolçu "Lütsern"lə matçın ikinci hissəsində real qol şansından yararlana bilmədiyi üçün məyus olduğunu söyləyib:

"Qol vura bilmədiyim üçün məyus oldum. Normalda belə epizodları dəyərləndirirdim, amma olmadı. Qismət belə imiş. Növbəti şansı gözləyəcəm".

Qurbanlı sonra İsveçdəki həyatından söz açıb:

"Bura çox gözəldir. Azarkeşlərimiz isə daha gözəl. Meydana çıxanda onların dəstəyini hiss edirik və bu bizə motivasiya verir. Hər şey qaydasındadır".

Musa yay transfer dönəmində "Qarabağ"dan "Yurqorden"ə keçib