“59-cu Münhen Təhlükəsizlik Konfransı Ukraynada davam edən müharibənin birinci ildönümü ərəfəsində təşkil olunduğundan, Ukrayna mövzusu aparıcı yer tutdu. Bu müzakirələr ümumAvropa təhlükəsizliyi mövzusunun tərkib hissəsi kimi aparıldı. Ümumavropa təhlükəsizliyi mövzusunda vacib müzakirələr həm də enerji təhlükəsizliyi ətrafında getdi”.

İqtisadiyyat.az bildirir ki, bu sözləri saytımıza politoloq Yeganə Hacıyeva deyib. 17-19 fevral tarixlərində keçirilən Münhen Təhlükəsizlik Konfransını şərh edən politoloq qeyd etdi ki, təbii olaraq tədbirin əsas mövzusu Ukraynadakı mövcud vəziyyət olsa da digər məsələlər də önə çəkilib:

Konfransın Azərbaycan aktivləri 

Cənubi Qafqazın təhlükəsizlik, enerji və kommunikasiya imkanlarının müzakirələrinə həsr edilmiş paneldə spiker kimi regionun hər üç ölkəsinin rəhbəri iştirak etsə də, müzakirələr məntiqi olaraq regionun açar ölkəsi Azərbaycanın üstünlüyü ilə keçdi.

Burada onu da qeyd etmək lazımdır ki, Azərbaycan Avropa ilə hazırda aktual olan enerji təhlükəsizliyi, yaşıl enerji, Cənubi Qafqazda təhlükəsizlik kimi mövzularda və ənənəvi post-covet coğrafiyası adlandırılan ölkələrlə münasibətlərin qurulmasında məşvərətçi olmasından başqa, həm də “Qlobal Cənuba” adlandırılan Afrika və Cənubi Asiyanın üzləşdiyi müxtəlif problemlərə fokuslanmış müzakirələrdə söz sahibidir.

 

 

İran və Rusiya müzakirələri 

59-cu il Münhen Təhlükəsizlik Konfransına üç ölkənin nümayəndələri dəvət edilməyib.
Davosda keçirilən Dünya İqtisadi Forumunda olduğu kimi, Münhen Təhlükəsizlik Konfransına da Şimali Koreya, Rusiya və İran rəsmiləri çağırılmayıb.

Ümumiyyətlə isə, ötən il İran İslam Respublikası dinc nümayişçilərə qarşı vəhşicəsinə təzyiqinə, nüvə proqramının təhlükəli inkişafına və Ukraynada istifadə üçün Rusiyaya hərbi texnikanın verilməsinə görə bir neçə dəfə beynəlxalq tədbirlərdən kənarda qalıb. 

İrandakı etirazçılar və xaricdəki dissident müxaliflər İran müxalifətinin Münhen Təhlükəsizlik Konfransına dəvət edilməsi qərarını sentyabr ayından davam edən etiraz hərəkatının qələbəsi kimi qiymətləndirirlər. Bütün tədbirləri birləşdirən ümumi fikir isə İranın dünyada və regionda müsbət rol oynamaq imkanın mövcud siyasi sitemdə mümkün olmaması, ancaq  yeni sistemdə yeni imkanların ola biləcəyi ətrafındadır. 

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransının məqsədi dünyada sülhün təmin edilməsində beynəlxalq əməkdaşlığın inkişafı, münaqişələrin qeyri-hərbi həlli yollarının axtarılması, mövcud risklər, onların inkişaf ssenarisi haqqında təsəvvürlərin formalaşdırılması və nizamlayıcı əsasların formalaşdırılmasıdır.

Cavidan Mirzəzadə / İqtisadiyyat.az