Qısa müddət əvvəl Moskva hökumətinə qarşı üsyan edən muzdlu qrup “Vaqner”lə bağlı yeni açıqlama gəlib.

İqtisadiyyat.az xəbər verir ki, Mərkəzi Afrika Respublikası Prezidentinin sözçüsü Albert Yaloke Mokpem Rusiyanın muzdlu hərbi şirkəti "Vaqner"in ölkəni tərk etməsi ilə bağlı iddiaların doğru olmadığını və qoşunların yalnız “rotasiya” etdiyini açıqlayıb.

Mokpem mətbuata verdiyi açıqlamada "Vaqner" qoşunlarının ölkədən çıxarılması ilə bağlı xəbərlərin doğru olmadığını bildirib.

Vaqner qoşunlarının ölkədən geri çəkilmədiyini, yalnız rotasiya etdiyini ifadə edən Mokpem deyib: "Bəziləri (Vaqner qoşunları) gedir, bəziləri gəlir".

Qeyd edək ki, Mərkəzi Afrika Respublikasında 2000-ə yaxın rus muzdlusu olduğu təxmin edilir. Daha əvvəl, "Vaqner" silahlılarının ölkədən çəkilməyə başladığı iddia edilmişdi.

Mərkəzi Afrika Respublikası və Rusiya hakimiyyəti 2018-ci ilin avqustunda ölkədə zorakılığa qarşı birgə mübarizə aparmaq üçün hərbi saziş imzalayıb.