İtaliya A Seriyasının komandalarından olan "Salernitana" təcrübəli qapıçı Gilyermo Oçoa ilə müqaviləni uzatmaq qərarına gəlib.

İqtisadiyyat.az xəbər verir ki, İtaliya klubu Oçoanın keçən yanvar ayında Meksikanın "Klub Amerika" komandasındaa müqaviləyə əlavə etdiyi bənddən istifadə edəcək və 37 yaşlı qolkiperi daha bir il komandada saxlayacaq.

Bu mövsüm A Seriyasında 20 oyun keçirən meksikalı qolkiper  33 qol buraxıb və 4 oyunda qapısını qola bağlayıb. Karyerası ərzində "Ayaçço" "Malaqa", "Qranada" və "Standard Liq" klublarında çıxış edən Oçoa Meksika Milli Komandası ilə də 136 matça çıxıb.

5 mundialda Meksikanın heyətində yer alan təcrübəli əlcək sahibi 2006 və 2010-cu illərdə oynamaq şansı tapa bilməyib. O, 2014, 2018 və 2022-ci illərdə turnirlərdə iştirak edib.