Lionel Messi sosial şəbəkələrdə qazandığı qazancla təkcə MLS-in ulduzlarını deyil, həm də Amerika idmanının aparıcı idmançılarını geridə qoyub.

İqtisadiyyat.az xəbər verir ki, Lionel Messi "İnter Mayami" ilə müqavilə imzaladığı gündən MLS-in simvoluna çevrilib və həm komandasına, həm də liqaya böyük gəlir gətirib. Argentinalı ulduz MLS oyunçuları arasında sosial mediadan ən çox qazanan idmançıdır. O, həmçinin Lebron Ceyms və Tom Bradi kimi Amerika idmançılarını da geridə qoyub.

"Betting.com"un araşdırmasına görə, Lionel Messi Instaqramda sponsorluq etdiyi hər paylaşıma görə orta hesabla 4,9 milyon dollar (4 milyon funt sterlinq) qazanır. Bu o deməkdir ki, argentinalı ulduz 2023-cü təqvim ilində sponsorluq postlarından 206,6 milyon dollar (170 milyon funt sterlinq) qazanıb.

Lionel Messi ilə MLS-dəki digər oyunçular arasında sponsorluq qazanclarında fərqlər böyükdür. Messidən sonra Instaqramda sponsorluq müqavilələrindən ən çox qazanan idmançı "Los Angeles Galaxy"nin forvardı Çiçaritodur. Meksikalı hücumçu hər bir reklam postuna görə 62,500 dollar qazanır və ümumi gəliri 1 milyon dollardan çoxdur. Lorenzo İnsigne İnstaqram qazancı ilə üçüncü yerdədir.