"Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade “Olimpiya” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, 1:1 hesabı ilə başa çatan matç, eləcə də digər məqamlar barədə danışıb.

– “Qarabağ”a qol vuran Kosta Pinto ilə nədən danışırdınız?

– Pinto ilə “Sportinq”in aşağı yaş qruplarında eyni vaxtda çıxış etmişik. Uşaqlığımız birlikdə keçib. Hazırda ayrı-ayrı klublarda oynayırıq. İkimiz də ata olmağa hazırlaşırıq. Həyatımızın necə dəyişdiyi barədə danışdıq.

– “Qarabağ”da çıxış etməyi ona təklif etdiniz?

– Xeyr, tam əksinə, bizə qol vurduğu üçün ona çox əsəbiləşdim (gülür).

– Ardıcıl 10-cu mövsüm qruplarda oynayacaqsınız. Təəssüratlarınız necədir?

– İlk növbədə bu şərəfli tarixə töhfə verdiyim üçün çox xoşbəxtəm. “Qarabağ”ın tarixinin daha şanlı olması üçün əlimdə olan imkanlardan istifadə edəcəyəm.

– Hakim penalti epizoduna dərhal reaksiya vermədi. Bu, sizi təəccübləndirdi?

– Epizodda mənə müdaxilə var idi. Belə epizodlarda penalti verilir. Amma hakimin qərarına təəccüblənmədim. Hadisələrin çox tez şəkildə cərəyan etməsi, həmin epizodu gözdən qaçırması, hakimin VAR-a müraciət etməsi normaldır.

– Qrup mərhələsində hansı rəqiblə qarşılaşmaq istərdiniz?

– İngiltərə Premyera Liqası komandası ilə qarşılaşmaq xoş olardı. Burada qeyri-adi heç bir şey yoxdur. Bunu arzulayıram. Təbii ki, digər tərəfdən Portuqaliya komandası ilə oynamaq istərdim.

– Ölkə çempionatındakı vəziyyəti düzəldə biləcəksiniz? Hazırda “Zirə” 12 xalla liderdir…

– Dəyərlərimizə, özümüzə inanmalıyıq. Çempionatda “Zirə”yə qarşı 3 oyunumuz var. Hər şey özümüzdən asılıdır. İndiyə qədər itirdiyimiz xalları, etdiyimiz səhvləri təhlil edəcəyik. Yenidən liderliyi əldə etmək bizdən asılıdır. Bu, son deyil.