"Fələstin-İsrail nizamlanması prosesi dalana dirənib".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov omanlı həmkarı Bədr bin Həməd bin Hamud Əlbusaidi ilə görüşündən sonra deyib.

“Bildiyiniz kimi, dünən xüsusi diqqət Yaxın Şərq üzrə nizamlanma probleminə yönəldilib. Bizim ərəb dostlarımızın müvafiq ideyaları var və Rusiya da müəyyən təşəbbüslər irəli sürüb”, - Lavrov bildirib.

Onun sözlərinə görə, bir sıra digər ölkələr də Fələstin və İsrail arasında birbaşa danışıqları bərpa etmək yolunu tapmaqda və BMT-nin bütün müvafiq qətnamələrini, eləcə də müstəqil Fələstin dövlətinin yaradılması ilə bağlı ərəb sülh təşəbbüsünü həyata keçirməyə başlamaqda maraqlıdırlar. Beləcə, İsrail və regionun digər ölkələri sülh şəraitində yaşayacaq.

"Hələ ki, biz belə bir hərəkət görmürük. Əksinə, biz BMT-nin bu qətnamələrini görməzdən gəlmək və işlərin öz axarı ilə getməsinə şərait yaratmaq cəhdlərini görürük. Bu, qəbuledilməzdir, biz bununla bağlı və digər məsələlərdə ərəb dostlarımızla ümumi yanaşmaları bölüşürük”, - Lavrov qeyd edib.