Kredit faizləri maliyyə cəlbi baxımından ölkənin bütün təbəqədən və sferadan olan insanlarını narahat edən əsas məsələlərdən biridir. Tez-tez gündəmə gələn bu məsələ həm parlament, həm müstəqil ekspertlərin arqumentləri əsasında müzakirə edilir. Lakin istər istehlak krediti, istərsə də biznes kreditlərində borcalanların razı qalması üçün əsaslı dəyişikliklər baş verməyib. Bəs, Azərbaycanda kreditlərin faizi nəyə əsasən dəyişir ?

• Bütün bizneslərdə olduğu kimi maliyyə seqmentində də “xammalın dəyəri” önəmlidir. Kredit verən bankların pula çatımlılığı yüksək faizlər əsasında formalaşır. Bu mərhələdən sonra bankların öz xərcləri və əməliyyat gəlirliyi hesablandıqdan sonra illik faiz dərəcəsi müəyyənləşdirilir.

• İnklüziv olmayan iqtisadiyatların maliyyə seqmenti hər zaman kövrəkliyi ilə fərqləniblər. Kövrək maliyyə seqmentində isə bankarın riskləri və onların investisiyaları hər zaman təhlükəli olaraq qiymətləndirilir. Riskli borclarda isə hər zaman borcverənin diqtəsi nümayiş olunub.

• Requlyatorun qərarlarının bazara zəif təsir göstərməsi də vacib istiqamətlərdən biridir. Qlobal nümunə kimi götürsək, son zamanlar Türkiyə Mərkəzi Bankının uçot dərəcəsinin azaltmaq istəyi arasında göstərilən səbəblərdən biri də bizneslərin daha aşağı faizlərlə kreditləşdirilməsidir.

Bank kreditlərinin borcverənlər üçün maya dəyərinin baha olması kredit faizlərini yüksəldən əsas səbəb hesab edilə bilər.Çünki kövrək sistemin əsas konturlarından hesab edilən depozitlərdən böyükhəcimli asılılıq Azərbaycan banks ektorunda son illərdə 7%-dək artıb və bu öncəki illərdə də baş vermiş analoji prosesdir. Buna görə də kredit faizlərinin mövcud zəruri restrukturizasiyası baş verəmdən aşağı salınması süni müdaxilə kimi qiymətləndiriləcək.

Riskli kreditlər, yoxsa qiymətli kağızlar?

Bank sektoru təqribən son 9 ildə aktivlərin strukturunda kreditlərin həcmini azaltmağa başlayıb. Biz 2013-cü ilə nəzər salsaq, ilin yekununa görə kredit portfelinin aktivlərdəki payı 73,5%, 2021-ci ildə ildə isə bu rəqəmin 42,4% həcmində olduğu görünür. Dəqiq olması üçün qeyd edək ki, ötən ilin dekabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 35 604,5 milyon manat, kreditlər isə 15 097 milyon manat təşkil edib.

Bank sektorunun kredit portfelində risklər bu azalmada əsas səbəb kimi çıxış edirlər.Statistika da bu rəqəmlərlə daha aydın şəkildə görünür. Belə ki, 11 ayın yekunlarına görə, iqtisadiyyat üzrə kreditləşmə 14,5% artsa da, bu artım əsasən ev təsərrüfatları hesabına olub. Ev təsərrüfatlarının kreditləri isə əsasən istehlak yönümlü olur. Əvvəlki dönəmdə ev təsərrüfatlarının kreditləşməsi 22,7% artıb, ümumi kredit artımının da 73%-i məhz ev təsərüfatlarının, cəmi 27%-i qeyri-ev təsərrüfatlarının kreditləri hesabına olub. İlin əvvəlində ev təsərrüfatlarının kreditləşmədə payı 46.5%-dən 50%-ə yüksəlib. Qeyri-ev təsərrüfatlarının kreditləşməsi isə il ərzində cəmi 7.3% artıb. Bu artım da əsasən tikinti sektoru hesabına baş verib.

Elə bu səbəblərdən aktivlərdə kredit portfelinin həcmi azaldıqca qiymətli kağızlardakı pay artır. Bununla da banklar riskli kreditləşmədənsə, az riskli qiymətli kağızlara yatırıma üstünlük verirlər.

Mərkəzi Bank uçot dərəcəsində dəyişiklik edirsə, bankların kredit faizləri niyə dəyişmir?

Yuxarıda bankların kredit faizlərinə təsir edən əsas konturları sadaladıq. Lakin kənar proseslərin əsas səbəb üçün formalaşdırdığı nəticələr unudula bilməz. Nümunə kimi Türkiyə Mərkəzi Bankının qərar səbəbini məqalənin əvvəlində qeyd etmişik. Bəs, Azərbaycanda eyni addımlar niyə nəticə vermir?

Fond bazarlar iqtisadiyyatın təməli hesab edilir. Fond bazarı olmayan və şəffaf formada qurulmayan iqtisadiyyatlar aqrar sektorda kotanla işləməyə məcbur qalırlar. Fon bazarlarının aktiv olmaması, alterntiv maliyyələşmənin önünün kəsilməsi, hesabatlılığın aparılmaması kənar maliyyə idxalının qarısını almaqla şirkətlərin dəyərləndirilməsi kimi fundamental prosesləri sıradan çıxarır. Azərbaycanda Mərkəzi Bankın uçot dərəcələriin minimum səviyyələrlə hərəkəti, eləcə də kapital bazarın lazımı səviyyədə, tələb səviyyəsində işləməməsi requlyatorun işinin kommersiya banklarına təsir səviyyəsini aşağı salır.