Pakistan tərəfi Ərəb dənizində gəmilərin yerləşdirilməsi və ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Husilərə qarşı əməliyyatında ölkə donanmasının iştirakı ilə bağlı sosial şəbəkələr də daxil olmaqla yayılan bütün xəbərləri əsassız adlandırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Express Tribune" Pakistan Hərbi Dəniz Qüvvələrinin sözçüsünə istinadən məlumat yayıb.

"Gəmilər ora beynəlxalq gəmiçiliyi qorumaq üçün göndərilir ki, bu da Pakistana da təsir edir və bu addımın HƏMAS və İsrail arasındakı münaqişə ilə heç bir əlaqəsi yoxdur. Biz hökumət siyasətinə uyğun olaraq Fələstin davasını tam dəstəkləyirik və Husilərlə İsrail arasında münaqişənin tərəfi deyilik. Pakistan Hərbi Dəniz Qüvvələrinin missiyası beynəlxalq öhdəliklərə uyğun olaraq, ərazi sularımızdan keçən ticarət gəmilərimizin və dəniz kommunikasiyalarının təhlükəsizliyini təmin etməkdir", - sözçü əlavə edib.

Nəşrin mənbələrinə görə, İslamabad Vaşinqtonun ABŞ-nin rəhbərlik etdiyi Birləşmiş Dəniz Qüvvələrinin (BMQ) tərkibində Qırmızı dənizdəki 153 saylı İşçi Qrupuna qoşulmaq təklifini rədd edib. Onlar bildirib ki, Pakistan "Tərəqqi keşikçisi" əməliyyatında iştirak etmir, nə də fələstinlilərə qarşı çıxan hər hansı koalisiyaya qoşulmaq niyyətindədir.