Çərşənbə axşamı Vilnüsdə başlayacaq NATO sammitində Almaniya və ABŞ Ukraynanın NATO-ya üzvlük üçün rəsmi müraciətinə mane olmağa çalışacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniyanın Bild qəzeti mənbələrə istinadən məlumay yayıb.

“Mən təsdiq edə bilərəm ki, ABŞ və Almaniya Ukraynanın NATO-ya üzv olmaq üçün rəsmi müraciətinə mane olacaq”, – qəzet yüksək rütbəli mənbəyə istinadən yazıb. 

Onun sözlərinə görə, hər iki ölkə Ukrayna prezidenti Volodimir Zelenskinin Vilnüsdə keçiriləcək sammitində Alyansa qoşulmaq üçün müraciətinin qarşısını almaq istəyir. Mənbəyə görə, Berlin və Vaşinqton “bu məsələdə eyni məqsədi güdürlər” və digər NATO üzvlərinə təzyiq göstərirlər.

Şənbə günü Daily Telegraph qəzeti NATO-dakı mənbəyə istinadən yazıb ki, Almaniya Ukraynanın alyansa üzvlüyünün Rusiya ilə müharibəyə gətirib çıxara biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən Ukraynanın NATO-ya üzvlüyünün gecikdirilməsini istəyir.