İsrail Ali Məhkəməsi baş nazir Benyamin Netanyahunun istefaya göndərilməsi ilə bağlı vəsatəti qəbul edib.

İqtisadiyyat.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail mətbuatında yer alan xəbərə görə, Ali Məhkəmə Netanyahunun baş nazirlik vəzifəsindən uzaqlaşdırılması tələbi ilə daxil olan ərizəyə baxacaq.

Hakim Rut Ronnen bu yaxınlarda hakimlər kollegiyası tərəfindən sorğunun nəzərdən keçirilməsinə göstəriş verib. Nümayəndə heyətinin nə vaxt görüşəcəyi hələlik məlum deyil.

Hökumətin mübahisəli məhkəmə islahatlarına qarşı çıxan keçmiş Baş Qərargah rəisi Dan Halutz da daxil olmaqla “Demokratik Sədd” adlı bir qrup fəalın təqdim etdiyi ərizədə Netanyahunun Ali Məhkəmə ilə “maraqlar toqquşması müqaviləsini” pozduğu iddia edilir.

Baş nazir Netanyahunun 2020-ci ildə Ali Məhkəmənin sədri ilə imzaladığı "maraqların toqquşması müqaviləsi" ona qarşı davam edən korrupsiya işlərinə təsir göstərə biləcəyi səbəbiylə qanunvericilik işlərinə qarışmamaq öhdəliyini ehtiva edir.