NATO Dövlət və Hökumət Başçıları Zirvə toplantısında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən İspaniyanın baş naziri Pedro Sançes Türkiyənin Aİ-yə üzvlük prosesinə dəstək vəd edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pedro Sançes mətbuat konfransında Ərdoğanla görüşündən danışarkən deyib.

İlin sonuna qədər Aİ-yə sədrlik edəcək İspaniyanın baş naziri Sançes prezident Ərdoğana bu müddət ərzində Türkiyənin Aİ-yə üzvlük prosesində bu səpkidəki məsələləri gündəmə gətirməyə çalışacaqlarına söz verdiyini bildirib.

“Biz bu aylarda (İspaniyanın Aİ-nin sədrlik müddəti - red.) Türkiyənin özünü Aİ-dən uzaqlaşdırmaqdansa, daha yaxın hiss etməsi üçün hansı addımları ata biləcəyimizi dəqiq görməliyik. İspaniya olaraq Türkiyənin prioritet kimi tələb etdiyi viza liberallaşdırılması və Gömrük İttifaqı razılaşmasının tənzimlənməsinə hər zaman müsbət yanaşırıq", - diplomat qeyd edib.