İspaniya La Liqası komandalarından olan Valensiyada çıxış edən hollandiyalı futbolçu Castin Kluivertin evi qarət edilib.

İqtisadiyyat.az İspaniya mətbuatına istinadən xəbər verir ki, La Liqanın 36-cı həftəsində səfərdə "Malyorka" ilə qarşılaşacaq "Valensiya"nın dünən axşam Palma-de-Malyorka düşərgəsində olarkən Kluivertin evi qarət edilib

Yerli vaxtla saat 23.00 radələrində hollandiyalı futbolçunun evinə daxil olan 3 maskalı şəxsin evdə olan Kluivertin həyat yoldaşı və anasına da hücum etdiyi bildirilib.

Oğruların bəzi qiymətli əşyaları, qızıl-zinət əşyalarını və ümumi dəyəri 200 min avro olan pulları götürdükləri qeydə alınıb.

Hadisədən sonra şoka düşən iki qadının əvvəlcə futbolçuya zəng etdiyi və Kluivertin polisə məlumat verdiyi paylaşılıb.

İspaniyada futbolçuların evlərinin qarət edilməsi çox geniş yayılıb. Belə ki, mayın 6-da Sevilyada oynanılan "Real Madrid" - "Osasuna" Kral Kubokunun final matçında “Real Madrid”in futbolçusu Rodriqo Qoesin Madriddəki evi qarət edilmişdi.

Bundan başqa, ötən il oğrular "Real Madrid"in futbolçuları Kərim Benzema və Dani Karvahalın evlərinə soxulmuşdular.