"Eyüpspor"un ulduzu Rayan Babel Türkiyədə artan yaşayış bahalığından danışıb. Hollandiyalı vinger ev sahibinin kirayə haqqını 100 faiz artırdığını açıqlayıb.

Babel Türkiyəyə gələndə 1 dolların 2,6 türk lirəsi olduğunu da xatırladıb.

İqtisadiyyat.az xəbər verir ki, mövzu ilə bağlı Tvitter hesabında paylaşım edən Babel bunları deyib:

"Ev sahibim icarə haqqını 100% qaldırıb. Valyuta məzənnəsinin düşməsi ilə Türkiyədə ev sahiblərinin kirayə haqqını vəhşicəsinə qaldırmaqdan başqa çarəsi qalmayıb. 2013-cü ildə Türkiyəyə ilk gələndə 1 dollar təxminən 2,6 türk lirəsi idi. Bu gün 1 dollar 26 türk lirəsini ötüb. Bu məzənnə ilə 10 ildən sonra türk lirəsi harda olacaq?

"Türkiyə valyutasının dəyərində böyük eniş var. Maaşınızı türk lirəsi ilə götürürsünüzsə və maaşınızı pensiya üçün saxlamağa çalışırsınızsa, pulunuz yavaş-yavaş sıfıra enməzdən əvvəl həyat qənaətinizi bu şəkildə necə qoruya bilərsiniz?

 Maaşını türk lirəsi ilə qazanan adi insanın əmanətlərini necə qoruya biləcəyi ilə bağlı həll yollarını söyləmənizi gözləyirəm".

Ulduz futbolçunun "Eyüpspor"la 2024-cü ilə qədər müqaviləsi var. İstanbul təmsilçisi ilə məşqlərə başlayan hollandiyalı cinah oyunçusu növbəti mövsüm komandanın Super Liqaya yüksəlməsi üçün çalışacaq.

Qeyd edək ki, “Eyüpspor”un baş məşqçisi Arda Turandır.