“Çox təəssüflər olsun ki, Ermənistan prosesləri düzgün dəyərləndirmir. Ermənistan öz havadarlarının dəstəyi ilə xüsusən son dövrdə Aİ missiyasının gəlməsi, İranın onlara verdiyi dəstəkdən sonra aktivləşdi. Sanki revanş haqqında daha çox fikirləşməyə başlayıblar. Onlar düşünürlər ki, hansısa cəbhədə üstünlük əldə etməklə danışıqlar masasında öz şərtlərini diqtə edə bilərlər. Lakin reallıq budur ki, bütün şərti sərhəd boyu ərazilərdə Azərbaycan qüvvələri döyüş şəraitinə tam nəzarət edir”.

Bu fikirləri İqtisadiyyat.az saytına deputat Naqif Həmzəyev bildirib.

 

Millət vəkili deyir ki, Azərbaycan mövqeyində qətidir, sülh əldə etmək istəyir. Sülh olmayacağı təqdirdə isə tədbirlər görüləcək:

“2020-ci ildən sonra Azərbaycan Silahlı Qüvvələri komanda tipli hərbi formata keçib. Qarabağda, Şərqi Zəngəzurda yeni hərbi hissələrin yaradıldığını gördük. Artıq daha çox peşəkar hərbçilərdən istifadə edilir. Bu, NATO və Türk ordu modelinin fərqli bir formasıdır. Ona görə də, hansısa yeni toqquşma olacağı təqdirdə, daha çox peşəkar hərbçilərdən istifadə ediləcək. Bundan sonrakı proses günlərlə yox, maksimum 1-2 gün davam edəcək. Artıq uzun müddət davam edən toqquşmalardan söhbət gedə bilməz. Ermənilər hər dəfə təxribat törətdikcə ərazilər itirəcəklər. Artıq İran da Azərbaycanın gücünü anlayıb və zamanla Ermənistana dəstəyini azaldacaq. Düşünürəm ki, bu ilin sonuna qədər sülhlə bağlı sənədin imzalanmasının şahidi olacağıq”.

 

Hərbi ekspert Ramil Məmmədli isə deyir ki, Ermənistan ordusunun birləşmələri Qarabağ ərazisindən çıxarıldıqdan və ardınca digər erməni birləşmələri tərki-silah olunduqdan sonra sülhə nail olmaq kimi məsələlərdən danışa bilərik:

“Yaranmış vəziyyətdən yeganə çıxış yolu Azərbaycanın hərbi əməliyyatlara başlamasıdır. Təbii ki, bu arzuolunan deyil, lakin problemi həll etmək üçün başqa yol qalmayıb. Ermənistan təxribatların sayını artırır. Hər dəfə də itkiləri olur, mövqelərini itirirlər”.

Hərbi ekspert həmçinin qeyd edib ki, Ermənistan bu münaqişədə fundamental həllin tərəfdarıdırsa, sülh müqaviləsini imzalamalıdır. Əks halda hərbi əməliyyatlara başlasaq, bunun Ermənistan üçün acı nəticələri olacaq. Çünki Azərbaycan Ordusunun silah-texnika parkı Ermənistan ordusundan qat-qat yüksəkdir.