"Barselona"nın və Braziliya millisinin sabiq futbolçusu Dani Alveşin cinsi təcavüz iddiaları ilə bağlı istintaqı davam edərkən, onun mühakimə olunana qədər ev dustaqlığına buraxılma tələbi rədd edilib.

40 yaşlı Dani Alveş 2022-ci il dekabrın 30-da Barselonada gecə klubunda 23 yaşlı qadına cinsi təcavüz etdiyi iddiası ilə 2023-cü ilin yanvarında həbs edilib.

İqtisadiyyat.az xəbər verir ki, beş aydır həbsdə olan Dani Alveşin məhkəməyə qədər sərbəst buraxılması tələbi rədd edilib. Barselona Məhkəməsi ötən həftə vəkili vasitəsilə azadlığa buraxılması üçün müraciət edən sabiq braziliyalı futbolçunun vəsatətinin rədd edildiyini açıqlayıb.

Məhkəmə daha əvvəl 3 dəfə Alveşin azadlığa buraxılması tələbini rədd etsə də, növbəti müddətdə yeni vəsatətlərin olmayacağı, işə baxılacağı və hakimin qərarının gözləniləcəyi bildirilir.

May ayından etibarən övladlarının (15 və 17 yaş) Barselonada məskunlaşdığını və sentyabrda bu şəhərdə məktəbə başlayacağını bildirən Alveş, İspaniyadan qaçma riskinin olmadığı səbəbiylə mühakimə olunana qədər sərbəst qalmasını tələb etmişdi.

NƏ OLMUŞDU ?

Dani Alveş 2022-ci il dekabrın 30-na keçən gecə Barselonadakı gecə klubunda 23 yaşlı qadına cinsi təcavüzdə ittiham olunurdu. Əvvəlcə cinsi təcavüz ittihamlarını rədd edən Alveş daha sonra 3 dəfə ifadəsini dəyişərək cinsi əlaqədə olduğunu etiraf edib. “Arvadına xəyanətini gizlətmək və arvadını qorumaq üçün ilk ifadələrində yalan danışdığını” deyən  Alveşin 1 ildən 12 ilə qədər həbs cəzası alması ehtimalı var.