Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Belçikanın "Gent" klubunun baş məşqçisi Heyn Vanhazebruk sabah keçiriləcək cavab matçından öncə təşkil edilən mətbuat konfransında fikirlərini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, o, zədəlilərin çoxluğundan şikayətlənib:

"Heyətdə zədəlilərimiz var. Vəziyyətləri yaxşıdır, amma bu, o demək deyil ki, sabah meydana çıxa biləcəklər. "Qarabağ" ilk matçdan sonra ölkə çempionatında 9 yeni futbolçu ilə meydana çıxdı. Biz bunu edə bilmirik".

59 yaşlı mütəxəssis qapıya daha çox zərbə endirməli olduqlarını söyləyib:

"İlk oyunda rəqibin yarısı qədər zərbə vurmuşduk. Bu, yaxşı deyil. Qapıya zərbə vura bilmirsizsə, qol da vura bilməzsiz. Bunu yaxşılaşdırmalıyıq. Hər şey keyfiyyətlə bağlıdır. Demirəm ki, keyfiyyətimiz aşağıdır. Amma şans yaratdıqda ondan yararlanmağı da bacarmalıyıq. Keyfiyyətli komanda olduğumuzu göstərməliyik. Qapıya düşə bilsək, qol da vuracağıq".

Sabah keçiriləcək "Gent" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Komandalar arasında ilk matçda Azərbaycan təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.