NATO-nun çərşənbə günü keçirilən sammiti çərçivəsində Yeddilik Qrupu (G7) Ukraynanı quru, dəniz və hava sahələrində müasir hərbi texnika ilə təmin etməyi qərarlaşdırıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ liderləri bu barədə ortaq bəyənnamə qəbul edib. 

G7 ölkələri həmçinin Ukraynanın müdafiə sənayesi bazasının daha da inkişaf etdirilməsi üçün dəstək, Ukrayna qüvvələri üçün təlimlər, kəşfiyyat məlumatlarının mübadiləsi və əməkdaşlıq, hibrid təhdidlərin həlli də daxil olmaqla kibermüdafiə, təhlükəsizlik və dayanıqlılıq təşəbbüslərinə dəstək verilməsini davam etdirəcəklərini vəd ediblər.

“Biz müvafiq hüquqi və konstitusiya tələblərimizə uyğun olaraq, Ukraynaya sürətli və davamlı təhlükəsizlik yardımı, quru, dəniz və hava ərazilərində müasir hərbi texnika və iqtisadi yardım göstərmək, Rusiyaya iqtisadi və digər sanksiyalar qoymaq niyyətindəyik”, - bəyənnamədə qeyd edilib.