""FINCA Azerbaijan"nın rəqəmsal və müasir biznes modeli yerli investorların da marağına səbəb olub".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının ölkədə 25 illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransında çıxış edən "FINCA Azerbaijan"ın direktoru Timoti Tarrant deyib.

O bildirib ki,  "FINCA Azerbaijan" hər zaman kənd yerlərindəki sahibkarlar və ailə kəndli təsərrüfatları ilə əlaqəyə xüsusi diqqət yetirib və bu gün də diqqətini əsasən Azərbaycanın kənd və regionlarında müştərilərə yönəldərək maliyyə xidmətləri göstərməyə davam edir:

"Fermerlərin və kənd təsərrüfatı biznesmenlərinin öz bizneslərini inkişaf etdirməsi üçün kənd yerlərində, rayonlarda maliyyəyə çıxış imkanlarının artırılmasına böyük ehtiyac olduğunu müşahidə edirik. Bu fonda "FINCA Azerbaijan"nın rəqəmsal və müasir biznes modeli yerli investorların da marağına səbəb olub. "FINCA Azerbaijan" Bakı Fond Birjasında dörd yeni istiqraz yerləşdirməsini uğurla həyata keçirib və son 2 ildə 12 milyon manat vəsait cəlb edib".

Qeyd edək ki, 1998-ci ildə fəaliyyətə başlayan "FINCA Azerbaijan" Azərbaycanda aşağı gəlirli sahibkarların biznes fəaliyyətlərini dəstəkləmək və iqtisadi artımı stimullaşdırmaq üçün onların maliyyə mənbələrinə məsuliyyətlə çıxışını təmin etmək məqsədilə yaradılıb. "FINCA Azerbaijan", 5 qitədə 2,8 milyondan çox müştərini əhatə edən "FINCA Impact Finance" in 16 bank və mikromaliyyə təşkilatından ibarət qlobal şəbəkəsinin bir hissəsidir. "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı son 25 il ərzində yerli fermerlərə, kiçik bizneslərə və ailə kəndli təsərrüfatlarına ümumi məbləği 2,2 milyard manatdan çox olan 1,1 milyondan çox kredit verib.