Bu gün Qubanın idman paytaxtı seçilməsi münasibətilə açılış mərasimi keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, tədbirdən sonra jurnalistlərə açıqlama verən Gənclər və idman naziri Fərid Qayıbov Qubada beynəlxalq yarışların keçirilməsinin nəzərdə tutulduğunu dedi:

"Növbəti idman bayramını yaşayırıq. İlk dəfə idman paytaxtı Quba rayonu seçilib. Bu gün açılışını etdik. İl boyunca burada müxtəlif yarışların, hazırlıqlar və təlim-məşq toplanışlarının baş tutması planlaşdırılır. Bütün federasiyalar bu gün burdadır. Hamısına uğurlar arzu edirəm. Federasiyalar ilə görüşlərimiz bu rayonda baş tutacaq. Təqvim planınında il ərzində bütün federasiyaların yarışları baş tutacaq. Həmçinin, beynəlxalq tədbirlərin də baş tutması planlanıb".

Nazir növbəti illərdə digər rayonlarda yerləşən olimpiya idman komplekslərinin də təmir olunacağını dedi:

"İdmanımız ildən-ilə inkişaf edir. Təbii ki, inkişaf üçün şərait dövlət tərəfindən yaradılıb. Kompleksin 2003-cü ildə Prezident İlham Əliyev tərəfindən açılışı olub. Kompleks pandemiyadan sonra yenidən qurulmuşdur. Bunu da qeyd etmək lazımdır ki, sözügedən kompleks ötən il ən aktiv kompleks seçilib. Ölkədə 50 metrlik 4 olimpiya kompleksləri var, bunlardan biri də Qubadadır. Bütün müasir standartlara uyğundur. Digər komplekslərdə də eyni işlərin görünməsi nəzərdə tutulur. Bir çox Olimpiya kompleksləri təmir edilib. İnanıram ki, bu qurğular vasitəsilə idmanımız daha yüksək səviyyəyə qalxacaq".