"Fənərbağça"nın gənc ulduzu Arda Güləri istəyən klubların siyahısına daha bir nəhəng Avropa klubu qoşulub.

18 yaşlı ulduz üçün "Fənərbağça" A Seriyasının nəhəngi "Milan"dan sürpriz təklif alıb. İtaliya komandası Arda Güləri heyətindən bir futbolçu verməklə  transfer etməyi planlaşdırır.

İqtisadiyyat.az "TuttoSport"a istinadən xəbər verir ki, "Fənərbağça"nın "Milan"dan Ante Rebiç və Divok Oriqi ilə maraqlandığı və bu səbəbdən İtaliya komandasının bu futbolçulardan birini və pul təklif edəcəyi bildirilib. Superliqadan "Beşiktaş"ın da "Fənərbağça" ilə yanaşı Rebiç və Oriqi ilə də maraqlandığı bildirilib.

Xəbərdə həmçinin, Avropadan bir çox klubların Arda Güləri yaxından izlədiyi vurğulanıb.

"Milan"ın bir an əvvəl hərəkətə keçməsi lazım olduğu bildirilsə də, bir neçə il əvvəl İtaliya komandasının Enzo Fernandesi transfer etməkdə gecikdiyi və bu səbəbdən onu əldən verdiyi bildirilmişdi.

"Milan"ın cəld hərəkət etməməsi nəticəsində Portuqaliyanın "Benfika" komandası  Enzo Fernandesi "River Pleyt"dən 44 milyon 250 min avroya transfer etdi və 6 ay sonra onu astronomik 121 milyon avro qarşılığında Premyer Liqa nəhəngi "Çelsi"yə satdı.