Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan bu gün İrəvanda Yerablur hərbi qəbiristanlığına baş çəkərkən gözləmədiyi halda qalmaqalla üzləşib.

İqtisadiyyat.az Ermənistan mediasına istinadən xəbər verir ki, sabiq nazir burada 44 günlük müharibədə itkin düşən hərbçilərin valideynləri ilə rastlaşıb. Bu zaman onların arasında münaqişə yaşanıb.

Belə ki, valideynlər Ohanyanı korrupsiyada günahlandırıblar və ordudakı özbaşınalıqların günahını məhz onda görüblər. Ohanyan isə onlara cavabında bildirib ki, nazir olduğu illərdə ona pul təklif etdiyini sübut edəcək heç kim yoxdur.

Bu zaman müharibədə itkin düşən əsgərlərdən birinin qohumu canlı sübut kimi müharibə cinayətkarı olan Ohanyanın cavabını verib. O, bildirib ki, 1994-cü ildə anası şəxsən S.Ohanyana pul verərək onu ordudan buraxdırıb. Sözügedən şəxsin sözlərinə, o Horadizdə yaralanmışdı və anası da məhz buna görə keçmiş nazirə pul verərək oğlunu evə buraxdırıb.

Seyran Ohanyan bu ittihamı cavabsız qoyaraq oradan uzaqlaşıb.