Ermənistan prezidenti Vaaqn Xaçaturyan və Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolini arasında görüş olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan Prezident Aparatı məlumat yayıb.

"Biz Müqəddəs Taxt-Tacla Ermənistan arasında uzun tarixə malik olan və yüksələn xətlə inkişaf edən münasibətləri yüksək qiymətləndiririk. Bu münasibətlər xristian dəyərləri, sülh, ədalət, insan hüquqları kimi dəyərlərə əsaslanır.

Biz sülhə nail olmağa sadiqik və bu yoldayıq. Bölgəmizdə davamlı sülhün bərqərar olmasına yönəlmiş səylərə, nəsihətlərə və dualarına görə bir daha Müqəddəs Taxt-Taca və Papaya təşəkkür etmək istəyirəm.

Təbii ki, əlaqələrimizin inkişafında yüksək səviyyəli siyasi görüşlərin böyük əhəmiyyəti var və çoxsaylı qarşılıqlı səfərlər yüksək səviyyəli dialoqun qurulmasına səbəb olub. Əminəm ki, səfəriniz də əlaqələrimizin dərinləşməsinə öz töhfəsini verəcək”, - Xaçaturyan bildirib.

"Ermənistanda olmaq mənim üçün böyük şərəfdir. Ermənistan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında mövcud olan gözəl əlaqələri də vurğulamaq istərdim. Siz haqlı olaraq qeyd etdiniz ki, çoxlu qarşılıqlı səfərlər var və bu, yaxşı münasibətlərin olduğuna işarədir, eləcə də onların dərinləşdirilməsi və inkişafı üçün səylər göstərilir”, - deyə Müqəddəs Taxt-Tacın dövlət katibi bildirib.

Görüşdə tərəflər Laçın yolunu da müzakirə ediblər. Prezident Xaçaturyan qeyd edib ki, Qarabağ ermənilərinin "faktiki təcrid olunması" "humanitar böhran"la nəticələnib və bu "böhran" "qaz, elektrik və telekommunikasiyanın bağlanması" ilə müşayiət olunub.

Müqəddəs Taxt-Tacın dövlət katibi regionda sülhün və sabitliyin təmin edilməsinin, eləcə də tərəflər arasında etimad mühitinin yaradılmasının vacibliyini vurğulayıb. Bu kontekstdə həmsöhbətlər danışıqların davamlılığının təmin edilməsinin vacibliyini, nəticədə sülhə nail olmağın mümkün olacağını vurğulayıblar. Hər iki tərəf Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi üçün təminatların zəruriliyini vurğulayıb.