"Çelsi"də əsas heyətə düşməkdə çətinlik çəkən mərakeşli ulduz yeni mövsümdə Kriştiano Ronaldonun komanda yoldaşı ola bilər.

İqtisadiyyat.az xəbər verir ki, Kriştianu Ronaldonu transfer etməklə dünya futbolunda bütün diqqətləri üzərinə çəkən Səudiyyə Ərəbistanı komandası "Əl-Nəsr"in bu dəfəki transfer hədəfi "Çelsi"dən Hakim Ziyeç olub.

Ziyeçin yaradıcılığı və ötürmə keyfiyyətinin Ronaldo üçün çoxlu qol epizodları yaradacağına inanan "Əl-Nəsr" rəsmiləri 30 yaşlı oyunçunun transferi üçün danışıqlara başlayıb.

"Çelsi"nin geniş heyətində forma şansı tapmayan mərakeşli futbolçu qış transfer dönəmində "Fənərbağça"nın gündəminə gəlsə də, bu transfer baş tutmamışdı.

Karyerasının ən yaxşı dövrünü "Ayaks"da keçirən Ziyeç "Tvente"də oynadığı zaman "Fənərbağça" ilə adı hallansa da, yarımmüdafiəçi o vaxt "Ayaks"ın heyətinə qatılmışdı.

 Mərakeşin dünya çempionatında uğur qazanmasında mühüm rol oynayan 30 yaşlı Ziyeç bu mövsüm London komandasının heyətində 24 oyuna çıxıb, lakin bu matçlarda qol və ya məhsuldar ötürmə verə bilməyib.

 "Çelsi" ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq Ziyeç üçün təklif gözləyən Britaniya komandasının 10 milyon avro civarında qonorar qəbul edəcəyi təxmin edilir.