Yanvarın 5-də Taliban və Çinin CAPEIC şirkəti Əfqanıstanın şimalında neft hasilatı ilə bağlı müqavilə imzaladıqdan sonra Sar-i Pul vilayətində ilk dəfə olaraq quyudan neft hasil edilməyə başlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Məlumata görə, neft quyusundan hasilata başlamaq üçün keçirilən açılış tədbirində Taliban müvəqqəti hökumətinin mədən və neft nazirinin müavini Şahabəddin Dilavər və Çin şirkətinin rəsmiləri iştirak ediblər. 

Dilavər çıxışında qeyd edib ki, 2023-cü ilin sonuna qədər bu rayonda daha 15 neft quyusu təmir edilərək istismara veriləcək.

Xarici investorları Əfqanıstana dəvət edən Dilavər bildirib ki, gələcəkdə vilayətdəki neft quyularından 100 ton neft çıxarılacaq.

Digər tərəfdən, Taliban rəhbərliyi Əfqanıstanın şimalındakı Məzari-Şərif və Şibirqan şəhərləri arasında 95 kilometrlik təbii qaz boru xətti layihəsinin başladığını da açıqlayıb.