Hindistan 2075-ci ilə qədər Çindən sonra dünyanın ikinci ən böyük iqtisadi gücü olacaq.

İqtisadiyyat.az "CNBC"ə istinadən xəbər verir ki, bu barədə "Goldman Sachs" investisiya bankının məlumatında deyilir.

Məlumata görə, Hindistanın ümumi daxili məhsulu (ÜDM) 2075-ci ilə qədər 52,5 trilyon dollara çatacaq və nəticədə ölkə dünyanın ikinci ən böyük iqtisadiyyatına çevriləcək. Bankın analitikləri bildiriblər ki, ölkə iqtisadiyyatının inkişafı daha çox əhalinin və işçi qüvvəsinin aktiv artımı hesabına baş verəcək.

Məlumata görə, hazırda dünyanın beşinci ən böyük iqtisadiyyatı olan Hindistan 2075-ci ilə qədər ABŞ, Yaponiya və Avrozona iqtisadiyyatını ötərək ikinci yerdə qərarlaşacaq.

Belə ki, 2075-ci ilə qədər Çinin ümumi daxili məhsulu (ÜDM) 57 trilyon dollar, Hindistanın 52,5 trilyon dollar, ABŞ-ın 51,5 trilyon dollar, Avrozonanın 30,3 trilyon dollar, Yaponiyanın 7,5 trilyon dollar təşkil edəcək.

Bundan əlavə, texnoloji tərəqqi, kapital qoyuluşunun artması və əmək məhsuldarlığının yüksəlməsi Hindistan ÜDM-in dinamikasına müsbət təsir göstərəcək.