Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Heydər Əliyevin dövlət quruculuğunda rolu” mövzusunda tədbir keçirilib.

İqtisadiyyat.az FHN-ə istinadən xəbər verir ki, tədbirdə FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəhbərliyi və əməkdaşları iştirak edib.

Tədbirdə çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmlənməsində xalqımızın Ulu Öndəri Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar. Qeyd edilib ki, zəngin siyasi təcrübəsi, müdrik üzaqgörənliyi, möhkəm iradəsi, xalqına, Vətəninə hədsiz sevgisi sayəsində ölkəmizi ötən əsrin 90-cı illərində xaos və anarxiyadan davamlı inkişaf yoluna çıxaran Ümummilli Lider bugünkü güclü Azərbaycanın möhkəm özüllərini yaratmış oldu.

Çıxış edənlər mütərəqqi Heydər Əliyev siyasi kursunun mahir davamçısı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 20 illik fəaliyyəti dövründən danışıb, ölkəmizin sürətlə inkişaf etdiyini, dünya birliyində öz layiqli yerini tutduğunu, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll etməyə qadir bir dövlətə çevrildiyini iftixar hissilə dilə gətiriblər.

Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.