"Tayvan adası Çinin ayrılmaz hissəsidir, ayrı bir dövlət deyil və olmayacaq". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi Misirə səfəri zamanı deyib.

"Tayvan ölkəmizin bölünməz bir hissəsidir və ayrıca dövlət olmayacaq, Çinə qayıdacaq", - Misirin "Əl-Yaum əs-Sabia" informasiya portalı onun sözlərindən sitat gətirib. 

Çin Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin bildirib ki, Tayvanın Çinə aid olması 1943-cü ildə Qahirə konfransından sonra qəbul edilmiş bəyannamə ilə bağlıdır: bu sənədə əsasən, Yaponiyanın Çindən ələ keçirdiyi bütün ərazilər Çin tərəfinə qaytarılmalı idi.

Vanq Yi xarici faktorlara Çinin daxili işlərinə qarışmamaq barədə xəbərdarlıq edib və Pekinin bu cür addımlara qətiyyətlə cavab verəcəyini vurğulayıb: "Tayvanı müstəqil dövlət elan etmək planları keçmişdə uğurlu olmayıb və bu, nə indi, nə də gələcəkdə baş verəcək".