"Bugünkü səfərimiz zamanı müzakirə etdiyimiz yeni layihələrlə yanaşı, xüsusilə müdafiə sənayesi və enerji sahələrində əməkdaşlığımızı dərinləşdirməyi hədəfləyirik. İki ölkə arasında atılan addımlar bundan sonra daha da inkişaf edəcək, gələcəkdə daha da müsbət nəticələr verəcək”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Qətərə səfəri ilə bağlı verdiyi açıqlamada bildirib.

O, səfər çərçivəsində Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə görüşdüklərini qeyd edib. Yılmaz məhsuldar ikitərəfli və nümayəndə heyətləri arasında görüşlər keçirdiklərini, bu görüşlər zamanı Türkiyə-Qətər münasibətləri, həmçinin iqtisadi əməkdaşlıq imkanlarının müzakirə edildiyini bildirib.

İki ölkə arasında diplomatik əlaqələrin 50-ci ildönümünün qeyd edildiyini xatırladan Yılmaz, bu il Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 9-cu Toplantısını keçirməyi planlaşdırdıqlarını və 8 Yüksək Strateji Komitənin iclasında indiyə qədər 95 müqavilənin imzalandığını bildirib.