Bu gün Ermənistanın 30 il ərzində işğal altında saxladığı torpaqlarımızın azad olunmasından üç il ötür. Xalqımızın tarixinə möhtəşəm Zəfər Günü kimi qızıl hərflərlə yazılan 8 Noyabr ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətinin, Azərbaycan Ordusunun qüdrəti və döyüş ruhunun, xalqımızın milli birliyinin məntiqi nəticəsidir. Bu gün xalqımızın vətən sevgisinin, mübarizə əzminin, yumruq kimi bir olmağının nümayişi günüdür. Zəfər Günü həm Azərbaycan xalqı, həm də bütün Türk dünyası üçün qürur, şərəf və iftixar günüdür.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan keçən illər ərzində həm ordu quruculuğu istiqamətində çox böyük işlər görüb: "Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmlənib, yüksəlib, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edilib. Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunub. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılıb".

Yusif Bağırzadə xatırladıb ki, Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi: "Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərdi. Xalqımız, eləcə də hər bir keçmiş məcburi köçkün bütün bu illər ərzində bir gün də olsun ümidini sındırmayaraq düşmənin amansızlığını, törətdiyi vəhşiliyi unutmadı. Vətən həsrətinə son qoyulacağı günün gələcəyinə inandı və bu inam özünü doğrultdu. Məhz bu inamın nəticəsidir ki, Ermənistan və onların havadarları üzərində qələbəmizin üçüncü ildönümünü şərəflə qeyd edirik. Bu şərəf isə Ali Baş Komandanın da dediyi kimi, təkcə ərazi bütövlüyümüz deyil, həm də həqiqət, ədalət və ləyaqət uğrunda vuruşmağımızdan qaynaqlanır".

 

Gülşən Şərif