Bu gün nələr gözlənilir? 

İqtisadiyyat.az xəbər verir ki, bu gün Bakı şəhərinin Xəzər, Nizami, Pirallahı rayonlarında, Naxçıvan MR-də, Mingəçevir, Naftalan, Sumqayıt (II hissə), Şirvan, Yevlax şəhərlərində, Abşeron (II hissə), Ağstafa, Balakən, Bərdə, Cəlilabad (II hissə), Goranboy, Göyçay (II hissə), Xaçmaz (II hissə), İsmayıllı, Qax, Qazax, Quba (II hissə), Lerik, Masallı (II hissə), Salyan, Şamaxı, Tərtər, Ucar, Zaqatala rayonlarında, Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində, eləcə də tədrisi ingilis, fransız və gürcü dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

Bu gün həmçininn Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Ümumilikdə 2 800-ə yaxın şəxs dövlət qulluğuna imtahan verəcək. 

Bu gün ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək. Səfər çərçivəsində onun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünün, həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə dair sazişin müzakirəsinin növbəti raundunun keçirilməsi planlaşdırılır.

Bu gün saat 15:00-da Formula 1 üzrə Azərbaycan Qran-Prisinə start veriləcək və yarış yekunlaşacaq. Qeyd edək ki, üç mərhələdən sonra pilotların sıralamasında 69 xalla “Red Bull Racing”in sürücüsü Maks Ferstappen birincidir. Hesabında 54 xal olan Serxio Peres (“Red Bull Racing”) ikinci, 45 xalla Fernando Alonso (“Aston Martin”) isə üçüncü pillədə qərarlaşıblar. Konstruktorlar kubokunda ilk üçlükdə “Red Bull Racing”, “Aston Martin” və “Mercedes” yer alıblar.

Bu gün “Koroğlu“ növbəti dəfə Opera və Balet Teatrında səhnəyə qoyulacaq və tamaşa operanın 85 illiyinə həsr olunacaq. Yubiley tamaşasında Koroğlu partiyasını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Respublikanın Əməkdar artisti, istedadlı vokal ustası Ramil Qasımov ifa edəcək.

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının (AMK) dəstəyi ilə Milli Muğam Müsabiqəsi keçirilir. Qaliblər bu gün elan olunacaq və müsabiqənin yekun konserti keçiriləcək.