İqtisadiyyat.az bu günə gözlənilən əsas hadisələri təqdim edir:

Bu gün Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri – Formula 1 Azərbaycan Qran-Prisi start götürür. Formula 1-in builki yarışması da izləyicilərə maraqlı anlar vəd edir. Bu gün 11:05-də "Formula 2" üzrə sərbəst yürüş başalayacaq. Ardınca "Formula 1" birinci sərbəst yürüşü olacaq. 17:00-da isə "Formula 1" sıralama turu planlaşdırılıb. Həmçinin, DJ Don Diablo Dənizkənarı Bulvar ərazisində yerləşən səhnədə "Formula 1" həftəsonunun açılışını edərək canlı şou sərgiləyəcək.

Bu gün Milli Məclisin İntizam Komissiyasında deputat Vahid Əhmədovla bağlı məsələyə baxılacağı gözlənilir.

Bu gündən başlayaraq aprelin 30-na qədər Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə klassik avtomobillərin sərgisi təşkil olunacaq. Formula 1-in fan zonasında keçirilən sərgidə müxtəlif illərə aid klassik avtomobillər nümayiş etdiriləcək. 

Bu gün SOCAR “Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçiriləcək. Saat 11:00-da başlayacaq aksiya feysbuk üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Paris Notr-Dama ithaf” tamaşası nümayiş etdiriləcək. Dünyaşöhrətli yazıçı Viktor Hüqonun “Paris Notr-Dam” əsərinin motivləri əsasında rejissor Samir Qulamovun səhnələşdirdiyi və quruluş verdiyi “Paris Notr-Dama ithaf” tamaşasının ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

Mayın 1-də Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatı start götürəcək. On dörd gün davam edəcək mundialda Azərbaycan milli komandası tam heyətlə mübarizə aparacaq. Millimiz Daşkəndə bu gün yola düşür. Yığma mayın 15-də Bakıya qayıdacaq.

Bu gün saat 11:00-da Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start veriləcək. Vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş namizədlər iştirak edə bilərlər. Vakansiya seçimi üçün elektron sistem 2 may saat 11:00-dək aktiv olacaq 

Bu gün saat 11:00-da Iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Xaçmaz şəhərində Quba, Qusar, Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşların qəbulu şəhərin Bakı prospekti, 45 ünvanında yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində olacaq.

Bu gün Fransanın xarici işlər naziri Katrin Kolonna Gürcüstana səfər edəcək. Tbilisidə Gürcüstan Respublikasının prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və xarici işlər naziri İlya Darçiaşvili ilə görüşlər nəzərdə tutulur.