Bu gün nələr gözlənilir?

İqtisadiyyat.az xəbər verir ki, bu gündən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılır. Bu, Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli qərarında əksini tapıb. Qərar dərc edildiyi gündən 30 gün sonra – aprelin 28-də qüvvəyə minir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində bu gün Tərtər və Ağcabədi rayonlarında ictimai dinləmələr keçiriləcək. Tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək. İctimai dinləmələr Tərtər rayonunda bu gün saat 14:00-da Yeni Azərbaycan Partiyasının Tərtər rayon təşkilatının inzibati binasında, Ağcabədi rayonunda isə aprelin 28-də saat 11:00-da Bayraq muzeyində keçiriləcək.

Bu gün saat 11:00-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək. Qəbul şəhərin Zülfü Hacıyev küçəsi, 12, ünvanında yerləşən Heydər Əliyev Mərkəzində olacaq. Vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və aidiyyəti üzrə digər məsələlərlə bağlı müraciət edə bilərlər.

27 aprel – 1 may tarixlərində Türkiyənin İstanbul Atatürk Hava Limanında Aviasiya kosmik və Texnologiya festivalı – TEKNOFEST keçiriləcək. 102 kateqoriya üzrə 41 əsas müsabiqənin keçiriləcəyi festivalda 13 milyon lirədən çox pul mükafatı, 30 milyon lirədən çox maddi dəstək veriləcək. Festivalda Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA da nümayiş etdiriləcək.

Bu gün Türkiyənin Mersin şəhərində “Akkuyu” AES-ə nüvə yanacağının təhvil verilməsi mərasimi keçiriləcək. Yanacağın çatdırılmasından sonra obyekt nüvə obyekti statusunu alacaq. Türkiyə və Rusiya prezidentləri mərasimdə onlayn iştirak edəcək. 

İrəvanda keçirilmiş ağırlıqqaldırma üzrə Avropa çempionatında zəfər qazanmış Türkiyə idmançıları Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycana dəvət olunublar. Bu gün Bakıya gələcək nümayəndə heyətinə Avropa çempionları Nuray Güngör, Cansu Bekdaş, Yusuf Fehmi Genc, Avropa çempionatının gümüş mükafatçısı Qamze Altun və Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü daxildir. Səfər çərçivəsində qonaqların Bakıda bir sıra görüşləri və tədbirlərdə iştirakları nəzərdə tutulub.

Bu gün Düşənbədə KTMT nəzdində hərbi-iqtisadi əməkdaşlıq üzrə dövlətlərarası komissiyanın iclası keçiriləcək. İclasda silahların standartlaşdırılması KTMT-nin hərbi idarələrinin nümayəndələri tərəfindən müzakirə olunacaq.