Bu gün nələr gözlənilir?

İqtisadiyyat.az xəbər verir ki, Aprelin 18-də meteohəssas insanlarda diskomfort yarana bilər. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilsə də, günün birinci yarısında qısamüddətə gilavar küləyinin arabir güclənməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün gün ərzində Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu gün futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək. “Qəbələ” öz meydanında “Səbail”i qəbul edəcək. Oyun saat 18:00-da başlanacaq. 

İsrailin xarici işlər naziri Eli Kohen bu gün Azərbaycana səfər edəcək. Səfər çərçivəsində İsrail XİN başçısının Bakıda keçiriləcək Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komisiyasının növbəti iclasında iştirak edəcəyi, həmçinin ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Baş Prokurorluq bu gün Sabirabadda ətraf region prokurorluqlarının məsul əməkdaşları, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə konfrans təşkil edəcək. Yüksək səviyyəli konfransa regional media nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin qatılacağı bildirilir.

Çin ordusu bu gün Sarı dənizdə genişmiqyaslı hərbi təlimlər keçirəcək. Bu barədə Çinin Dəniz Təhlükəsizliyi İdarəsi məlumat yayıb. Məlumata görə, təlimlər Pekin vaxtı ilə saat 09:00-dan 12:00-a qədər dənizin müxtəlif yerlərində, mülki gəmilərə girişin qadağan olunduğu hissələrdə keçiriləcək.

Xiaomi Pad 6 və Xiaomi Band 8 cihazlarının təqdimat tarixi açıqlanıb. Yeni qadcetlər Bakı vaxtı ilə saat 15:00-da təqdim olunacaq. Daha sonra isə hər iki cihazın qiyməti məlum olacaq.