BMT Baş katibi Antonio Quterreş Rusiya prezidenti Vladimir Putinə məktub ünvanlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik yazılı açıqlama verib.

"Məktubda Rusiya ilə BMT arasında anlaşma memorandumunun irəlilədilməsi təklifi ilə Qara dəniz Taxıl Dəhlizi Sazişinin davam etdirilməsinin əhəmiyyəti çatdırıldı", - açıqlamada deyilir.

Məktubda Rusiya Kənd Təsərrüfatı Bankında maliyyə əməliyyatlarına təsir edən maneələrin aradan qaldırılmasının məqsədyönlü olduğu bildirilib və Ukrayna taxılının Qara dənizdən daşınmasının davam etdirilməsi lazım olduğuna diqqət çəkilib.

“Baş katibin əsas narahatlığı dünyada sıxıntı içində olan insanlardır. Razılaşmalar həyata keçirilməsə, qlobal ərzaq və gübrə qiymətlərindəki artım ən çox onlara zərər verəcək”, - deyə bildirilib.

Açıqlamada baş katibin bu mövzuda Rusiya ilə əlaqə saxlayacağı qeyd edilib.