“Bu, bizim dostluğumuz üçün tarixi səfərdir. Azərbaycan prezidenti ilk dəfədir ki, Tiranaya səfər edir. Yüksək səviyyəli səfərlər ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq və dostluq münasibətlərini daha da inkişaf etdirmək üçün ikitərəfli iradənin bariz nümunəsidir."

Bu sözləri Albaniya Prezidenti Bayram Beqay Prezident İlham Əliyevlə görüşü zamanı deyib.

Albaniya prezidenti bildirib ki, bu səfər gələcəkdə, ümumi maraq kəsb edən sahələrdə əməkdaşlığa güclü təkan verəcək.

"Gələn il həm də Albaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur və bu, bizə 2023-cü ili əməkdaşlığımızın intensivləşəcəyi və yeni inkişaflara imza atacağı il kimi görmək imkanı verir. Gələn ilin yazında bir-birimizin mədəniyyətlərini daha yaxşı və yaxından tanımaq üçün yaxşı fürsət kimi ölkəmizdə Azərbaycan həftəsinin keçirilməsini gözləyirik. Biz Azərbaycan tərəfinin ölkəmizdə səfirliyin açılması təklifini də müzakirə etdik. Bu, bizim alqışladığımız və münasibətlərin möhkəmlənməsinin əlaməti və iki dost ölkə kimi əməkdaşlıq tempinin sürətləndirilməsi zərurəti kimi qiymətləndirdiyimiz təklifdir" - deyə Beqay bildirib.