Barselonanın iqtisadiyyatını yaxşılaşdırmaq məqsədi ilə 2021-ci ildə vəzifəyə başlayan Joan Laporta, aradan keçən iki ildə borclarını azalda bilmədi.

İqtisadiyyat.az xəbər verir ki, pandemiyanın təsiri ilə 2021-ci ildə maliyyə böhranı səbəbindən Lionel Messi ilə yollarını ayırmaq məcburiyyətində qalan “Barselona”nın o vaxt 1,35 milyard avro olan borcu keçən iki ildə də azalmadı. Klubun maliyyə vəziyyətini yaxşılaşdırmaq ümidi ilə 2021-ci ilin martında vəzifəsinin icrasına başlayan prezident Joan Laporta borclarını azalda bilməyib.

"Barselona"nın o vaxt 708 milyon avro olan maaş büdcəsi bu prosesdə 528 milyon avroya qədər azalıb.

Bu yay Klement Lenqlet, Samuel Umtiti, Aleks Kollado, Qustavo Maiya və Serjinyo Dest kimi futbolçularla yollarını ayırmağı planlaşdıran "Barselona" bu oyunçuların komanda ilə vidalaşdıqdan sonra əlavə 51 milyon avro qənaət edəcək, ancaq Qavi və Ronald Araujo kimi oyunçularla yeni müqavilələri təsdiqləməsi üçün 389 milyon avro pul lazımdır.

Klubun iqtisadiyyat üzrə vitse-prezidenti Eduard Romeo proseslə bağlı açıqlamalar verərkən, "Barselona"ya nəfəs verməsi gözlənilən "Espri Barca" layihəsinin daha çox stadionun təmirini əhatə etdiyini və Barca TV-nin bağlanacağını söylədi. Qənaət layihələri çərçivəsində ancaq böyük uğurlara imza atan qadın futbol komandası yoluna davam edəcək.