Yeni qaydalara əsasən restrukturizasiya oluna kreditlərdə zaminliyə xitam veriləcəkmi?

İqtisadçı alim Vüqar Bayramov problemli kreditlərin restrukturizasiyası zamanı ortaya çıxan və ən çox müraciət edilən bu suala öz feysbuk profilində aydınlıq gətirib. İqtisadiyyat.Az ekspertin həmin açıqlamasını oxucularına təqdim edir:

“Artıq bir sıra problemli kreditlərin restrukturizasiyasına başlanılıb. Qeyd edək ki, fiziki şəxsin kredit borcunun əsas məbləği 17 min manatdan azdırsa və həmin xətt üzrə gecikmə müddəti 360 gündən çoxdursa, həmin şəxslərə restrukturizasiya prosesləri çərçivəsində, gecikmədə olan kreditini bağlamaq məqsədilə 5 il müddətinə (1 il güzəşt müddəti ilə) 1% dərəcəsi ilə yeni kredit təklif olunur. Yeni mexanizmə görə, bank restrukturizasiya çərçivəsində yeni kredit xəttinə daha ağır şərtlər daxil edə bilməz. Eyni zamanda, əgər bank kredit xəttinin restrukturizasiya olunması barədə qərar verərsə və yeni müqavilə bağlanarsa o zaman əvvəlki kreditdə zamin duranların zaminliyinə xitam verilir. Yəni, problemli kreditdə zamin olanlar yeni restrukturizasiya olunan kreditdə artıq zamin olmayacaqlar. Amma əgər bank restruktrizasiya olunacaq problemli kreditin yeni şərtləri ilə bağlı kredit götürən vətəndaş ilə razılıq əldə etməzsə o zaman bank restrukturizasiya müqaviləsi bağlamaya bilər. Şərtlər əvvəlki kredit xəttindən ağır olmamalıdır, amma qaydalara əsasən restrukturizasiya üçün bank ilə müştərinin öncədən razılığına ehtiyac var. Amma əgər restrukturizasiya müqaviləsi bağlanacaqsa o zaman zaminlər artıq zamin hesab olunmayacaqlar və onların heç bir öhdəliyi olmayacaq. Deməli, əgər siz zamin olmusunuzsa və həmin kredit xəttinin restrukturizasiya ilə bağlı yeni müqavilə imzalanıbsa o zaman siz artıq zamin hesab edilmirsiniz və hətta yeni kredit üzrə gələcəkdə yubanma olsa da belə sizdən daha krediti götürənin əvəzinə ödəniş etmək tələb oluna bilməz”.


Mehman Nəbiyev